logo

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 28-ci günü

10:10 08-01-2023 | icon 1183
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 28-ci günü

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 28 gündür davam edir.

YeniAvropa xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları bu gün də Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Səhər saatlarında könüllülər yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif mahnılar ifa edib, şüarlar səsləndiriblər.Əraziyə yağan qar aksiyanın gedişinə maneə göstərməyib.

Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Dünən gün ərzində aksiya ərazisindən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 19 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələbi ilə Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil edilən dinc aksiya ötən il dekabrın 12-də başlayıb.