Bu gün səhər saatlarına olan məlumata görə, Rusiyanın genişmiqyaslı hərbi təcavüzü nəticəsində Ukraynada 1330-dan çox uşaq zərər çəkib. 453 uşaq həlak olub, 877-dən çoxu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
YeniAvropa xəbər verir ki, bu barədə "Ukrinform" agentliyi Ukrayna Baş prokurorluğuna istinadla məlumat yayıb.
Qeyd edilib ki, bu, yekun rəqəmlər deyil. Zərər çəkən uşaqların müəyyən edilməsi üçün döyüş yerlərində, müvəqqəti tutulmuş və azad edilmiş ərazilərdə işlər davam etdirilir. Uşaqların ən çox Donetsk (429), Xarkov (268), Kiyev (117), Xerson (83), Nikolayev (81), Zaporojye (81), Çerniqov (68) və Luqansk (65) vilayətlərində zərər çəkdiyi bildirilir.
Agentliyin məlumatına görə, Rusiya silahlı qüvvələrinin bombardmanları və atəşləri nəticəsində 3126 təhsil müəssisəsinə ziyan dəyib. Onlardan 337-si tamamilə dağılıb. Həmçinin 329 uşaq itkin düşüb, 12 mindən çox uşaq isə deportasiya edilib.