logo

Prokurorluq Bakıda mənzildə 4 kişinin ölməsi faktını araşdırır

20:10 05-01-2023 | icon 1120
Prokurorluq Bakıda mənzildə 4 kişinin ölməsi faktını araşdırır

Paytaxtın Nərimanov rayonu ərazisində dörd nəfərin ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda mənzillərin birində giriş qapısının açılmaması səbəbindən xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə edərək dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açıblar. Mənzildə 4 nəfərin meyiti aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur. Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.