logo

Bayram günlərində "Şahdağ" Turizm Mərkəzinə 15 min turist gəlib

11:33 05-01-2023 | icon 1246
Bayram günlərində "Şahdağ" Turizm Mərkəzinə 15 min turist gəlib

Qusar rayonunda yerləşən "Şahdağ" Turizm Mərkəzi bayram günlərində 15 minə yaxın turist qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib. Qeyd edilib ki, son 5 gündə orta hesabla 3 min turist mərkəzin xidmətlərindən faydalanıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə elan olunan qeyri-iş günlərində istirahət kompleksində dincələnlər arasında xeyli əcnəbi olsa da, qonaqların əksəriyyəti yerli turistlərdir.

Turizm mərkəzinin mətbuat katibi Orxan Bədəlov bildirib ki, xarici qonaqlar arasında daha çox Yaxın Şərq ölkələri, Rusiya, Hindistan, Pakistan və bir sıra Avropa ölkələrinin vətəndaşları yer alıb.

Tətil günlərində kompleksin tabeliyində olan hotellərdə 90 faiz doluluq müşahidə edilib. Hotellərin xidmətlərindən ümumilikdə 2500-ə yaxın şəxs istifadə edib.

Orxan Bədəlov bildirib ki, mərkəzdə xizək və snoubord sürmə ilə yanaşı, aeroxizək və kvadrosikl turları, ziplayn, peyntbol, at üstündə gəzinti, uşaqlar üçün kirşələr, buz meydançası kimi 20-dən çox qış əyləncəsi qonaqların ixtiyarındadır.

Bayram günlərində Şahdağ Turizm Mərkəzini ziyarət edən turistlərin əksəriyyəti xizək yollarından və kanatlardan istifadə edib. Yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, musiqi ziyafəti mərkəzdə dincələn turistlərin zövqünü oxşayıb.

Turizm Mərkəzində start nöqtəsi dəniz səviyyəsindən 2351 metr hündürlükdə yerləşən və çətinlik səviyyəsinə görə “qara zolaq” adlandırılan xizək yolu fəaliyyət göstərir. Ərazidə ümumilikdə 17 kanat yolu var. Mərkəzdə 449 qar generatoru fasiləsiz çalışır.

Mərkəzin ərazisində yüksək səviyyəli 5 hotel fəaliyyət göstərir. Hotellər təkcə qonaqlama xidməti ilə deyil, eyni zamanda, 20-ə yaxın iaşə obyekti (restoran, kafe və bar), sağlamlıq və fitnes mərkəzi, SPA xidməti, xizəklərin icarəsi və satışı məntəqəsi, uşaq bağçası, konfrans zalı və s. kimi xidmətlərlə də qonaqların ixtiyarındadır.

Qeyd edək ki, Şahdağ Turizm Mərkəzində qış mövsümünə dekabrın 17-də start verilib.