Avropa Şurası Parlament Assambleyasının(AŞ PA) 2023-cü il qış sessiyası yanvarın 23-dən 27-dək Strasburqda keçiriləcək. Azərbaycan nümayəndə heyətinin üzvləri qış sessiyasında iştirak edəcək və müzakirə olunan məsələlərə dair fikirlərini bildirəcəklər.
YeniAvropa xəbər verir ki, Rusiya-Ukrayna münaqişəsinə dair hüquqi məsələlər, eləcə də insan hüquqlarının pozulması ilə bağlı təcili debatlar, həmçinin İslandiyanın Baş naziri və Almaniya xarici işlər nazirinin çıxışları qış plenar iclasının əsas məqamlarındandır. Sessiyada Avropa Şurası baş katibi də çıxış edəcək.
Qış sessiyası çərçivəsində Parlament Assambleyası, həmçinin yenilənmiş, təkmilləşdirilmiş və gücləndirilmiş Avropa Şurası üçün dördüncü Sammitə dair hesabatı müzakirə edəcək. Avropa Şurasının dövlət və hökumət başçılarını bir araya gətirəcək Sammit may ayında Reykyavikdə keçiriləcək.
Qadınlara qarşı zorakılığın aradan qaldırılmasına dair İstanbul Konvensiyası, qadınlar və qızlara qarşı zorakılığın aradan qaldırılmasında kişilərin və oğlanların rolu və məsuliyyəti, ər-arvad əsarətinin həlli yollarının tapılması ilə bağlı birgə müzakirələr diqqət mərkəzində olacaq.