Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərin birindən naməlum şəraitdə 15 min dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluğun ev sahibinin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdikləri əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum edilmiş, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.