Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50 min manat pul və 30 min manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib. O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib. Polis əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa təqdim edib.
O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırmalar davam etdirilir.