logo

İrandan Azərbaycana külli miqdarda narkotika keçirmək istədilər

15:11 30-12-2022 | icon 1778
İrandan Azərbaycana külli miqdarda narkotika keçirmək istədilər

Dekabrın 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Qurumun mətbuat mərkəzindən YeniAvropa-ya  verilən məlumata görə, sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaradıblar. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə edib. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olublar.

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kiloqram 158 qram heroin, 142 kiloqram 131 qram marixuana, 4 kiloqram 792 qram metamfetamin, 3 kiloqram 025 qram tiryək və 81228 ədəd “Metadon M-40” həbləri) aşkarlanaraq götürülüb.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilib və məlumat mübadiləsi aparılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.