logo

Korrupsiyaya qarşı mübarizədə QHT-lərin dövlət orqanları ilə əməkdaşlığı müzakirə edilib

13:53 30-12-2022 | icon 1771
Korrupsiyaya qarşı mübarizədə QHT-lərin dövlət orqanları ilə əməkdaşlığı müzakirə edilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə “Korrupsiyaya qarşı mübarizə istiqamətində fəaliyyət göstərən QHT-lərin dövlət orqanları ilə əməkdaşlığının gücləndirilməsi” mövzusunda tədbir keçirilib.

YeniAvropa xəbər verir ki, tədbirdə çıxış edən Xidmətin rəisi Vüsal Hüseynov ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı güclü siyasi iradəyə əsaslanmaqla beynəlxalq təcrübə nəzərə alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvericilik bazasının formalaşdırıldığını, mühüm institusional tədbirlərin həyata keçirildiyini və bu islahatların bu gün də davam etdirildiyini deyib. Qeyd edib ki, Xidmətin vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığını qurumun fəaliyyətində ictimai nəzarətə və şəffaflığın artırılmasına verilən önəmin nümunəsi kimi qiymətləndirmək olar.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva açılış nitqində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Zaur İbrahimov və qeyri-hökumət təşkilatlarının rəhbərləri ölkəmizdə aparılan demokratik islahatlar fonunda QHT-lərin fəaliyyətinin təşviq edilməsinin önəmini vurğulayaraq, korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. Bildiriblər ki, korrupsiyaya qarşı mübarizə üzrə QHT-lərin yeni təşəbbüsləri dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunmasına xidmət edir.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.