Dekabrın 29-da Kiyevə raket hücumu nəticəsində Darnitski rayonunda üç mülki şəxs yaralanıb. Onlardan biri 14 yaşlı uşaqdır.
YeniAvropa xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyası məlumat yayıb.
Kiyev şəhər meri Vitali Kliçko bəzi təfərrüatları açıqlayıb. Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan fərdi yaşayış evindən 3 mülki şəxs xilas edilib. Onlar xəstəxanaya yerləşdirilib.
Xilasedicilər də öz növbəsində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Bundan başqa, mərkəzi küçələrin birində raketin parçaları avtomobilə ziyan vurub.
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak tviter səhifəsində yazıb ki, Rusiya qoşunları dekabrın 29-da kütləvi hücum zamanı Ukraynaya doğru 120-dən çox raket atıb.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenkonun sözlərinə görə, Odessa vilayətində raket parçaları Stepovoe kəndində yaşayış binasına düşüb. Odessa vilayətində işıq və su problemi yaranıb. Təkcə Odessada 20 raket hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Xarkov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov isə açıqlama verib ki, Rusiya silahlı qüvvələrinin 4 raketi Xarkov şəhər və vilayətinə düşüb. Strateji infrastruktur obyektləri zərər görüb.