logo

“3+3” platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər

15:15 10-12-2022 | icon 5082
“3+3” platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər

“3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) regional əməkdaşlıq platformasının ikinci iclası yaxın aylarda keçirilə bilər.

YeniAvropa xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bu barədə "TASS" agentliyinə müsahibəsində söhbət açıb.

“Hazırda “3+3” platformasının ikinci iclasının keçirilməsi ilə bağlı təşkilati məqamların dəqiqləşdirilməsi davam edir. Güman edirik ki, həmin iclas yaxın aylarda keçiriləcək. Bütün iştirakçıların əhvalı belə deməyə əsas verir ki, həmin iclasda Gürcüstanın da iştirak etməsi üçün ona dəvət göndərilə bilər”,-deyə diplomat bildirib.

D.Qonçarın sözlərinə görə, Rusiya əmindir ki, iştirakçı ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi mənafeyi üçün “3+3” konsultativ regional platformasına ehtiyac var.

“Xatırladım ki, 2021-ci ilin dekabrında Moskvada keçirilmiş təsis görüşündə əsas diqqəti ümumi maraq doğuran mövzular – ticari-iqtisadi, nəqliyyat və mədəni-humanitar əlaqələrin inkişafı, habelə ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə məsələləri üzərində cəmləşdirmək qərara alınıb”,-deyə o, qeyd edib. 

Diplomat bildirib ki, Rusiya regionun tranzit potensialının tam üzə çıxarılmasına xüsusi əhəmiyyət verir. Nəqliyyat marşrutlarının bərpası buna kömək edəcək.

Departament direktoru bu fikrini izah edərək deyib: “Həm nəqliyyat, həm də energetika sahəsində infrastrukturun modernləşdirilməsi üzrə birgə fəaliyyətin perspektivləri böyük maraq doğurur. Belə əməkdaşlıq hərtərəfli regional əlaqələrin nizamlanması yolu ilə regionda etimadın möhkəmlənməsinə şərait yaradacaq, Ermənistan-Azərbaycan və Ermənistan—Türkiyə münasibətlərinin normallaşması proseslərini dəstəkləyən dayaq nöqtələrindən biri olacaq”.

Xatırladaq ki, ötən il dekabrın 10-da Moskvada keçirilən “3+3”  formatlı ilk görüşə Gürcüstan qatılmayıb. 

Rəsmi Tbilisi görüşdən sonra yaydığı açıqlamada mövqeyini belə bəyan edib: “Gürcüstanın bu formatda iştirakını müzakirə etməyəcəyik. Moskvada dekabrın 10-da keçirilən görüşdə Gürcüstan bayrağı təqdim olunub, və bu, əlbəttə ki, bizim üçün qəbuledilməzdir. Biz buna müvafiq diplomatik kanallar vasitəsilə reaksiya vermişik”.