logo

Rusiya İran istehsallı dronlarla yenidən Ukraynaya hücum edib

09:09 10-12-2022 | icon 4991
Rusiya İran istehsallı dronlarla yenidən Ukraynaya hücum edib

Dekabrın 10-na keçən gecə Rusiya qoşunları İranın “Şahed-136/131” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib. Hava hücumundan müdafiə qüvvələri 15 pilotsuz təyyarədən 10-nu vurmağa nail olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Dekabrın 10-na keçən gecə rus ordusu İran istehsalı olan “Şahed-136/131” kamikadze dronları ilə Ukraynanın cənubuna hücum edib. Düşmənin 10 kamikadze pilotsuz təyyarəsi Xerson, Nikolayev və Odessa vilayətləri üzərində vurulub”, - deyə məlumatda qeyd edilir.

"Cənub" Əməliyyat Komandanlığının yaydığı məlumata görə isə dronların bəziləri Odessa vilayətində enerji infrastrukturu obyektlərinə zərbələr endirib, xeyli ziyan dəyib və minlərlə istehlakçı elektrik enerjisiz qalıb.

Xilasetmə xidmətlərinin işi davam edir. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.