logo

Hindistanda dünyanın ilk qızıl satışı bankomatı istifadəyə verilib

13:31 06-12-2022 | icon 3192
Hindistanda dünyanın ilk qızıl satışı bankomatı istifadəyə verilib

Hindistanın Telanqana ştatının Heydərabad şəhərində kredit və ya debet plastik kartları ilə qızıl satışını həyata keçirən bankomat müştərilərə xidmət göstərməyə başlayıb.

YeniAvropa “The Economic Times” qəzetinə istinadla xəbər verir ki, bu, təkcə Hindistanda deyil, həm də dünyada real vaxt rejimində işləyən ilk bankomatdır.

Qızıl satışı üçün istifadə olunan cihaz Hindistanın innovativ texnologiyalar istehsalçısı “Goldsikka Pvt Ltd” kompaniyası tərəfindən hazırlanıb. Bankomatda 24 karatlıq 5 kiloqram qızıl sikkələr yerləşdirilir. O, müştərilərə 0,5 qramdan 100 qramadək səkkiz variantda qızıl almaq imkanı verir. Ekranında London birjasında katirovkaların dəyişməsinə uyğun olaraq qızılın qiymətinin real vaxt rejimində əks olunması bankomatın mühüm xüsusiyyətidir.

Haker hücumundan etibarlı müdafiə sistemi, həmçinin videokamera, səs siqnalı və polislə əlaqə xəttinin mövcud olduğu bankomat hər kəsə banklara və ya zərgərlik mağazalarına getmədən, maliyyə itkilərindən yayınaraq qızıla investisiya yatırmaq üçün əlverişli imkan yaradır.

İnnovativ bankomat fəaliyyətə başladığı ilk gün 20 müştəriyə xidmət göstərib. “Goldsikka Pvt Ltd” kompaniyası Hindistanda 3 min ədəd qızıl bankomatı quraşdırmağı və öz məhsulları ilə dünya bazarına çıxmağı planlaşdırır.