logo

Avstraliya da "G7"yə qoşulur:Rusiya neftinə 60 $ qiymət qoydu

09:29 05-12-2022 | icon 2254
Avstraliya da "G7"yə qoşulur:Rusiya neftinə 60 $ qiymət qoydu

Avstraliya da G7 ölkələri ilə birlikdə Rusiya neftinin bir barel üçün 60 dollar həddində müəyyən edilmiş qiymət məhdudiyyətlərinə qoşulacaq.

 YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, "G7" ölkələri və Avstraliya Rusiyadan alınan neftin qiymətlərinə tətbiq ediləcək məhdudiyyətlərə qoşulmaq barədə razılığa gəliblər. “Price Cap” koalisiyası bununla Rusiyanın Ukraynaya təcavüzünün maliyyə mənbələrini məhdudlaşdırmağa çalışır.

ABŞ hökuməti ötən cümə günü həmin məhdudiyyətlərin dekabrın 5-dən qüvvəyə minəcəyini elan edib. Qaydalara əsasən, Rusiya nefti bir barel üçün 60 dollardan yuxarı qiymətə satıldığı təqdirdə həmin məhsulun sığorta və dəniz yolu ilə daşınmasına dair ticarətin maliyyələşdirilməsi xidmətləri koalisiya tərəfindən qadağan ediləcək.

Qeyd edək ki, G7 ölkələrində yerləşən şirkətlər əlaqədar dəniz sığortası və təkrar sığorta məhsulları bazarının təxminən 90 faizinə nəzarət edirlər.

Həmçinin bildirilir ki, Rusiyanın Uzaq Şərqində yerləşən “Saxalin-2” neft-qaz layihəsi gələn ilin sentyabr ayının sonunadək tətbiq edilən qiymət məhdudiyyətindən azad ediləcək. Buna səbəb həmin layihədə Yaponiya şirkətlərinin iştirak etməsidir.