İsveç Ankara ilə imzaladığı NATO-ya üzvlük memorandumunun həyata keçirilməsi istiqamətində konkret addım ataraq Kürdüstan Fəhlə Partiyasının(PKK) üzvünü Türkiyəyə təhvil verib.
YeniAvropa "NTV" telekanalına istinadla xəbər verir ki, Türkiyədə 6 il 10 ay həbs cəzasına məhkum edilən Mahmud Tat 2015-ci ildə sığınacaq almaq üçün İsveçə müraciət etsə də, rədd cavabı alıb. Bir müddət öncə İsveç polisi tərəfindən saxlanılan Mahmud Tat dekabrın 2-də axşam saatlarında İstanbula təhvil verilib.
Ekstradisiya barədə qərar Buxarestdə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü çərçivəsində keçirilən danışıqlardan iki gün sonra verilib. İsveçin alyansa qoşulmaq üçün qətiyyət göstərdiyini qeyd edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın NATO-ya üzvlüklə bağlı memorandumun yerinə yetirilməsi üzrə konkret addımlar gözlədiyini bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün mayın 18-də alyansa rəsmən müraciət edib. Lakin Türkiyənin vetosu bu prosesi bir müddət ləngidib. İyunun 28-də Madriddə Şimali Atlantika Alyansının sammitindən öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistyö, İsveçin Baş naziri Maqdalena Anderson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar baş tutub. Danışıqların nəticələrinə əsasən, Stokholm və Helsinkinin NATO-ya üzv olmasına icazə verən, habelə Ankaranın terrorizmlə mübarizə ilə bağlı irəli sürdüyü narahatlıqların nəzərə alındığı memorandum imzalanıb.