logo

İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir 

11:55 02-12-2022 | icon 2751
İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçirilir 

Dekabrın 2-də İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom 22” işə başlayıb.

YeniAvropa xəbər verir ki, bu il “Qeyri-müəyyənlik dövründə strateji kommunikasiya” mövzusunda keçirilən tədbir iki gün davam edəcək.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.

Sammitin açılış mərasimində iştirakçıları salamlayan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun qlobal dünyada medianın gücü, səhv və aqressiv məlumatlandırma kampaniyaları, dezinformasiyanın dünya ölkələrinə mənfi təsirindən danışıb.

Ötən il keçirilən “Stratcom 22”nin əhəmiyyətli faydalarının olduğunu deyən Fahrettin Altun bu tədbirdə dünyanın müxtəlif ölkələrdən mütəxəssislərin birlikdə həll yolları istiqamətində mühüm müzakirələr aparacağına əminliyini ifadə edib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti nümayiş etdirilib.

Müraciətində dünyada baş verən hadisələrin rəqəmsallaşmaya da təsirsiz ötüşmədiyini vurğulayan prezident Ərdoğan Türkiyə ilə yanaşı, dünyanın bir çox ölkəsinin dezinformasiyaya, yalan xəbərlərə məruz qaldığını və bunun bəzən düzəlməsi mümkün olmayan mənfi nəticələr verdiyini deyib.

Dövlətlərarası gərginlik və rəqabətdə rəqəmsal kanalların psixoloji əməliyyat elementi olaraq daha tez-tez istifadə edildiyini deyən Prezident Ərdoğan qeyd edib ki, Türkiyə strateji mövqeyinə, özünəməxsus siyasətinə, regional və qlobal məsələlərdə prinsipiallığına görə dünyada saxta xəbərlərə ən çox məruz qalan ölkələrdən biridir.

Tədbir “Dəyişən dünyada dayanıqlılıq üçün strateji kommunikasiya”, “Məlumatlarla dünyanı yenidən təsəvvür etmək”, “Daha səmərəli vətəndaş ünsiyyəti: Məlumat və anlayışlar” kimi bir çox mövzularda panel iclaslarla davam etdirilib.

Qeyd edək ki, “Stratcom 22”də dünyanın müxtəlif ölkələrindən dörd minə yaxın nümayəndə və 50-dən çox məruzəçi iştirak edir.