Şənbə günü paytaxt Astanada Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin təntənəli andiçmə mərasimi keçirilib.
YeniAvropa "Kazinform" agentliyinə istinadla xəbər verir ki, Müstəqillik Sarayında xalqı qarşısında and içən Kasım-Jomart Tokayev rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayıb.
Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Kasım-Jomart Tokayevə Qazaxıstan prezidentinin vəsiqəsini təqdim edib. Tədbirdə, həmçinin deputatlar, Konstitusiya şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, hökumət üzvləri də iştirak edib.
Qeyd edək ki, noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayev 81,31 faiz səslə seçkilərin qalibi olub. Səsvermədə seçici fəallığı 69,44 faiz təşkil edib.