logo

Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçiriləcək

15:43 18-10-2022 | icon 3262
Bakıda “Medinex” və “Beauty Azerbaijan” sərgiləri keçiriləcək

Noyabrın 3-dən 5-dək Bakı Ekspo Mərkəzində Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları “Medinex” və Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgiləri keçiriləcək.

Caspian Event Organisers şirkətindən YeniAvropa-ya bildirilib ki, sərgilər koronavirus pandemiyasının yaratdığı uzun fasilədən sonra yenidən ənənəvi formatda keçiriləcək. Sənaye mütəxəssisləri işgüzar əlaqələri bərpa etmək və yeni əlaqələr qurmaq, aktual məlumatlar əldə etmək və sərfəli müqavilələr bağlamaq üçün iki ildən sonra ilk dəfə yenidən görüşəcəklər.

“Medinex” - səhiyyə mütəxəssislərini bir araya gətirən biznes platformasıdır. Aparıcı yerli və xarici istehsalçılar və distribütorlar sərgidə ölkə klinikalarının təkmilləşdirilməsinə və müalicənin effektivliyinin artırılmasına kömək etmək üçün öz yeni məhsul və xidmətlərini təqdim edəcəklər.

Sərginin ekspozisiyası dünyanın 13 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Danimarka, İsveçrə, İtaliya, Pakistan, Qazaxıstan, Rusiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, Əlcəzair və digər ölkələrdən 50-dən çox şirkəti birləşdirəcək.

Bu il “Medinex 2022” sərgisi Azərbaycan Tibbi Ərazi Bölmələrini İdarəetmə Assosiasiyası (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəal iştirakı və dəstəyi ilə keçirilir.

Zeytun Pharmaceuticals MMC “Medinex 2022” sərgisinin Qızıl Sponsorudur. Sərginin sponsorları sırasında AzeriMed və Referans Klinik & Laboratoriya yer alır.

Sərgidə tibbi avadanlıq, tibbi məhsullar, tibbi turizm, tibbi təhsil, dərmanlar, vitaminlər və pəhriz əlavələri, innovativ laboratoriya avadanlıqları, optika, stomatologiya, tibdə informasiya texnologiyaları və s. təqdim olunacaq.

“Medinex” sərgisi ilə paralel olaraq gözəllik industriyası sərgisi "Beauty Azerbaijan" keçiriləcək. Sərgi çərçivəsində kosmetologiya və estetik tibb üçün məhsullar, parfümeriya, şəxsi gigiyena vasitələri, təbii kosmetika, saça və bədənə qulluq məhsulları, dekorativ kosmetika, professional kosmetika, salon avadanlığı və bərbər alətləri və sair kimi sektorlar sərginin ayrılmaz bir hissəsi olacaq.

Hər bir sərgi çərçivəsində müxtəlif işgüzar tədbirlərin keçirilməsi nəzərdə tutulur ki, bu barədə məlumatı rəsmi internet saytından əldə etmək olar. Həmçinin ənənəvi olaraq, yerli və xarici sahibkarların iştirak edəcəyi işgüzar B2B görüşlərinin keçirilməsi planlaşdırılır.

Beləliklə, “Medinex” və “Beauty Azerbaijan” sərgiləri sənaye mütəxəssislərini bir platformada bir araya gətirmək, işgüzar əlaqələri gücləndirmək və satış coğrafiyasını genişləndirmək üçün əla fürsətdir.

Sərgilərin təşkilatçısı Caspian Event Organisers şirkətidir.

Sərgilərlə bağlı ən son xəbərlər operativ şəkildə sərgilərin internet səhifələrində və sosial şəbəkələrdə yerləşdiriləcək: www.medinex.az www.beautyexpo.az/