logo

Həştərxanda Xəzər mediaforumu keçiriləcək

13:53 07-09-2022 | icon 2471
Həştərxanda Xəzər mediaforumu keçiriləcək

Sentyabrın 9-10-da Həştərxanda Xəzər mediaforumu keçiriləcək. Tədbir MDB İştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil edilir.

Xəzər mediaforumu yeddinci dəfə keçirilir. Bu illər ərzində o, beynəlxalq jurnalistika sahəsində əməkdaşlığın davam etdirilməsi, vahid informasiya məkanının yaradılması və Xəzəryanı dövlətlərin mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsi üçün platforma olub.

YeniAvropa xəbər verir ki, bu barədə Həştərxan vilayəti hökumətinin yaydığı məlumatda bildirilib.Qeyd edilib ki, mediaforumun işində tanınmış  jurnalistlər, dövlət hakimiyyəti orqanlarının informasiya və gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh olan nümayəndələri, ekspertlər, alimlər və politoloqlar, Xəzər regionu ölkələrinin ictimai təşkilatlarının liderləri iştirak edəcəklər.

Builki mediaforumda Azərbaycan Respublikası, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Rusiya Federasiyası və Türkmənistan nümayəndələri ilə yanaşı Belarus, Özbəkistan və Moldovanı təmsil edən jurnalistlər də iştirak edəcəklər.

Yeddinci Xəzər mediaforumu “Xəzər mediası. Gənclik ölçüsü” mövzusuna həsr edilib. Proqramda plenar iclas və diskussiya məkanları nəzərdə tutulub. Bu tədbirlərdə forum iştirakçıları “İşgüzar jurnalistika və biznes kommunikasiyaları”, “Trevel jurnalistlərin və rəy liderlərinin Xəzər liqası”, “Xəzəryanı ölkələrin gənclər siyasətində media”, “Kommunikasiyalar üçün yeni dövr”, “Diplomatiya üçün yeni dövr” və başqa məsələləri müzakirə edəcəklər.

Rusiya Federasiyası Prezidenti Administrasiyasının, Rusiya Federasiyası Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin, “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin, MDB İştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən Mediaforumun təşkilatçısı qismində Həştərxan vilayəti hökuməti çıxış edir.