Dəfələrlə dövlət qurumlarına, eləcə də polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də təəssüf ki, bu kimi neqativ hallara rast gəlinməkdədir. Növbəti belə fakt Lənkəranda qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, rayon sakini olan bir qadın axşam saatlarında tək olduğu zaman yaşadığı evə biri qadın, digəri kişi olmaqla iki nəfər maskalı şəxsin daxil olaraq onu hədələdiyi, zor tətbiq edərək pul və qızıl-zinət əşyalarını tələb etmələri barədə polisə məlumat verib.
Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qadının polisə bilərəkdən yalan məlumat verdiyi və heç bir quldurluq hadisəsinin baş vermədiyi müəyyənləşdirilib. Həmin qadın özü də bilərəkdən yalan məlumat verdiyini etiraf edib.
Hazırda faktla bağlı Lənkəran .əhər rayon Polis Şöbəsində araşdırmalar aparılır.