logo

Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur

13:53 05-11-2024 | icon 224
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur

Çinin iri maliyyə-biznes mərkəzi olan Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi işə başlayıb.

YeniAvropa xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.

Çinin Ticarət Nazirliyinin, Şanxay meriyasının və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə keçirilən sərgiyə 152 ölkə və beynəlxalq təşkilatdan 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılıb. Yerli və xarici 400 mindən çox peşəkar ziyarətçi, 3800 media işçisi qeydiyyatdan keçib.

Nüfuzlu tədbirdə Azərbaycandan baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti iştirak edir.

Qazaxıstan, Özbəkistan, Malayziya və Serbiya da daxil olmaqla bir neçə ölkənin hökumət başçısının, yüksəkvəzifəli rəsmi şəxslərin qatıldıqları açılış mərasimində Çinin Dövlət Şurasının sədri (Baş nazir) Li Çian çıxış edərək, sərginin Çin xarici ticarətində, xüsusən də xarici məhsulların və xidmətlərin Çin bazarına girişinin təşviqində rolundan danışıb, ölkənin açıqlıq siyasətinin xarici investorlar və istehsalçılar üçün böyük imkanlar yaratdığını deyib. O, Çinin iqtisadi açıqlıq siyasətini davam, biznes mühitini isə yaxşılaşdırmağa davam etməyə sadiq olduğunu diqqətə çatdırıb.