logo

Şəki ilə Türkiyənin Berqama şəhərləri qardaşlaşdı

13:53 23-08-2022 | icon 1582
Şəki ilə Türkiyənin Berqama şəhərləri qardaşlaşdı

Avqustun 23-də Şəki və Türkiyənin İzmir vilayətinin Berqama şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanması mərasim keçirilib.

YeniAvropa xəbər verir ki, mərasimdə iştirak etmək üçün İzmir vilayətinin Berqama bələdiyyəsinin sədri Hakan Koştunun başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfərə gəlib.

Əvvəlcə qonaqlar Şəki rayonunun Vərəzət kəndi ərazisindəki naməlum türk əsgərinin məzarını, Şəki şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, məzarlar önünə gül dəstələri düzüblər.

Sonra iki qardaş ölkənin şəhərləri arasında dostluq və qardaşlıq haqqında protokolun imzalanması mərasimi keçirilib. Mərasimdə Şəki şəhər İcra Hakimiyyətinin, İzmir vilayəti Berqama bələdiyyəsinin rəsmiləri, qardaş ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan müxtəlif siyasi partiyaların təmsilçiləri, həmçinin Milli Məclisin deputatı Vüqar İskəndərov, Şəki bələdiyyəsinin rəhbər şəxsləri iştirak ediblər.

Mərasimdə şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov və Berqama bələdiyyəsinin sədri Hakan Koştu qardaşlaşmış şəhərlərin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa təqdimatla çıxış ediblər. Diqqətə çatdırılıb ki, Şəki ilə Berqama şəhərləri arasında əlaqələrin təməli bu ilin mayında qoyulub. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı artıq 12-yə çatıb. Vurğulanıb ki, dostluq və qardaşlıq haqqında protokolun imzalanması bu şəhərlərin sakinləri arasında humanitar, iqtisadi və turizm sahələrində əlaqələrin yaranmasında mühüm rol oynayacaq, eyni zamanda, ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.

Elxan Usubov 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib, bu tarixi Zəfərin əldə olunmasında qardaş Türkiyənin dəstəyini və rolunu xüsusi vurğulayıb.

İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.

Qonaqlar Mərkəzdə yerli ifaçıların təqdim etdiyi konsert proqramını izləyiblər.

Türkiyəli qonaqlar “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisini gəzib, buradakı tarixi abidələrə baş çəkib, Şərq memarlığının nadir incisi hesab olunan Şəki Xan Sarayı ilə tanış olublar. Diqqətə çatdırılıb ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Türkiyəli qonaqlar sarayın qarşısında xatirə şəkli çəkdiriblər.