logo

Azərbaycanda xüsusi dövlət mühafizəsi xidmətinin yaradılmasından 103 il ötür

09:19 23-08-2022 | icon 3843
Azərbaycanda xüsusi dövlət mühafizəsi xidmətinin yaradılmasından 103 il ötür

Avqustun 23-ü Azərbaycan Respublikasında xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günüdür.

 YeniAvropa xəbər verir ki, ölkəmizdə xüsusi mühafizə sisteminin tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cümhuriyyətin parlamentinin 1919-cu il fevralın 18-də keçirilmiş 15-ci iclasında Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında Qanun qəbul edilib. Qanunda parlamentin ixtiyarında olan “Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü” yaradılıb. Əvvəllər birinci tatar alayının rotmistri vəzifəsində xidmət etmiş podpolkovnik Nağı Əlizadə mühafizə bölüyünün rəisi vəzifəsinə təyin olunub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xüsusi mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri qurum kimi inkişafını davam etdirib. Belə ki, 1931-1935-ci illərdə Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-1972-ci illərdə Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-sovet orqanlarını mühafizə şöbəsi fəaliyyət göstərib. Bu qurum 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sentyabrın 25-dən dekabrın 5-dək Prezident Aparatı yanında Mühafizə İdarəsi kimi fəaliyyət göstərib. Həmin il dekabrın 5-dən isə yenidən Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyətini davam etdirib. 1992-ci il fevralın 25-də Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi birləşdirilib və Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılıb.

Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən ümummilli lider Heydər Əliyev 1993-cü il avqustun 23-də Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci il dekabrın 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyasının bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında Fərman imzalayıb.

Həmin ildən avqustun 23-ü ölkəmizdə xüsusi dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramı günü kimi qeyd olunur.