logo

Koronavirus testi reagentləri üçün şübhəli tender

12:55 24-11-2021 | icon 3752
Koronavirus testi reagentləri üçün şübhəli tender
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu ilin sentyabrın 13-də “Roche Cobas” şirkətinin istehsalı olan və yalnız bu şirkətə məxsus avadanlıqlar ilə araşdırma aparmağa imkan verən COVID test reagentlərinin satinalınması ilə bağli tender elan edib.  Azad İstehlakçılar Birliyi(AİB) hələlik nəticələri açıqlanmayan tenderlə bağlı araşdırma aparıb.

 YeniAvropa xəbər verir ki, bu barədə AİB-in sədri Eyyub Hüseynov məlumat verib. Bildirib ki, yalnız bir xəstəxana üçün 200.054 test dəsti almaq məqsədilə elan olunan tenderdə 3 şirkət iştirak edib. Həmin şirkətlərdən ikisinin “Roche Cobas”şirkətilə birbaşa əlaqəsi var, digəri isə yerli şirkətdir.

“Ölkəmizdə tenderdə iştirak etmə imkan və səlahiyyətləri olan bir neçə firma var. Hansı ki, onların təqdim etdikləri reagentlər istənilən  müvafiq avadanlıqla araşdırma aparmağa imkan verir və daha obyektiv nəticəni əldə olunmasına şərait yaradır. Araşdırma nəticəsində məlum olub ki, tender elan edən tərəf bilərəkdən digər reagent istehsalçısı və idxalçılarını tenderdən asanlıqla  uzaqlaşdırmaq məqsədilə, “Roche Cobas” şirkətinin  eyni firmaya məxsus avadanlıqla araşdırılma  aparmağa imkan verən reagentlərinə alternativsiz şərait yaradıb. O da bəlli olub ki, yerli istehslçı və ya idxalçı şirkətlər tenderdə iştirak edərdisə, ən azı  bir neçə milyon manat  dövlət vəsaitinə qənaət olunardı”, -deyə E.Hüseynov bildirib.

AİB COVID -19 infeksiyasının yayıldığı ərəfədə bu kimi şərtlərlə tender keçirilməsini pisləyib və hansı şirkətin seçiləcəyindən asılı olmayaraq tenderin ləğv olunub, daha ədalətli şərtlərlə keçirilməsini  təklif edib. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildiriblər ki, Roche Cobas 6 800 tam avtomat Real Time PZR avadanlığı ötən il  Yeni Klinika tibb müəssisəsinin müvafiq laboratoriyasında quraşdırılıb və hazırda COVID-19 virusunun PZR üsulu ilə aşkarlanmasında aktiv istifadə olunur. 

Həmin avadanlıq qapalı sistemdir və yalnız ona məxsus olan COVID-19 testləri ilə çalışa bilir. COVID PZR testləri üzrə müayinələrin aparılması üçün bu avadanlığa test dəstləri ilə yanaşı əlavə olaraq 11 növdə əlavə laborator ləvazimatları və kontrolları lazımdır. Əks halda COVID-19 PZR testlərini aparmaq qeyri-mümkündür. Roche Cobas 6 800 avadanlığında istifadə olunan COVID-19 testlərinə dünya ölkələri üzrə tələbatın həddindən artıq çox olması səbəbindən satın alınması nəzərdə tutulan test dəstləri və ləvazimatları üzrə pandemiya ilə bağlı hər hansı bir ölkədə mövcud olan şəraitə əsasən istehsalçı tərəfindən öncədən bölgü aparılır və bu bölgü əsasında təchizat planlaşdırılır. Belə ki, tələb olunan testlər və ləvazimatların təchizatı istehsalçı ilə əvvəlcədən ölkə üzrə kvota əsasında razılaşdırılmalı və testlər (ləvazimatlar daxil olmaqla) tam şəkildə və müvafiq saxlama müddətləri ilə təchiz olunmalıdır.

Açıqlamada qeyd edilib ki,  Agentlik tərəfindən 200 064 ədəd test dəstlərinin satın alınması üzrə açıq tenderin keçirilməsinə dair elan verilib və  tenderdə iştirak etmək üçün bir neçə şirkət iddiaçı qismində qeydiyyatdan keçib. Qeydiyyatdan keçmiş şirkətlərdən  “Labsevis LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti, yerli istehsalçı şirkət “Diamed Co” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən rəsmi qiymət təklifləri təqdim edilib və təkliflər oktyabrın 12-də tender komissiyasının üzvləri və iddiaçıların da iştirakı ilə daxilolma ardıcıllığı ilə açılıb.  Tender təkliflərinə baxılması, onların qiymətləndirilməsi, müqayisəsi və formal tələblərə uyğunluğu tender komissiyası tərəfindən aparılır. İddiaçıların təqdim etdiyi bütün qiymət təklifləri tender komissiyası tərəfindən qiymətləndirildikdən və tenderin nəticələri haqqında yekun protokolu tərtib edildikdən sonra sənədlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcək.