logo

İrandan Azərbaycana 28 kq narkotika keçirmək istədilər

11:12 19-07-2021 | icon 1827
İrandan Azərbaycana 28 kq narkotika keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 28 kiloqram 390 qram narkotik vasitəyə bənzər maddələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Qeyd edilib ki, həmçinin,  Yardımlı rayonunun Perimbel kəndi, Cəbrayıl rayonunun Mahmudlu kəndi və Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavalarının xidməti sahəsində naməlum şəxslər tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkar olunub.

Sərhəd zastavaları “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazilər qapadılıb, sərhəd naryadları tərəfindən sərhəd pozucularının təqibi başlanılıb, hadisə yeri və yaxın ərazilər nəzarətə götürülüb.

Sərhəd naryadlarının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq, havanın qaranlıq, ərazinin sıx qamışlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçmışlar.

Keçirilmiş axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun ərazisində bir kisədə ümumi çəkisi 7 kiloqram 225 qram narkotik vasitəyə bənzər maddə (“marixuana”) və bir ədəd gecəgörmə cihazı, Cəbrayıl rayonunun ərazisində isə bir ədəd bağlamada ümumi çəkisi 11 kiloqram 465 qram və Astara rayonunun ərazisində idman çantasında 9 kiloqram 700 qram narkotik vasitəyə bənzər maddələr aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.