logo

Aprelin 29-30-da buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə

09:52 20-04-2021 | icon 7791
Aprelin 29-30-da buraxılış imtahanı verəcək şagirdlərin nəzərinə

Aprelin 29-da Naxçıvan Muxtar Respublikasında, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün, aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən YeniAvropa-ya bildirilib ki, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim olunmalıdır.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalı və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.