logo

Təhsil sahəsində Azərbaycan-ICESCO əməkdaşlığı müzakirə olunub

18:13 11-01-2021 | icon 4018
Təhsil sahəsində Azərbaycan-ICESCO əməkdaşlığı müzakirə olunub

Yanvarın 11-də təhsil naziri Emin Əmrullayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

YeniAvropa xəbər verir ki, görüşdə ICESCO ilə təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin vətəndaşları üçün təsis edilən təhsil qrantı çərçivəsində ümumilikdə 51 nəfərin ölkəmizin ali təhsil müəssisələrində təhsil almaq hüququnu qazanması qeyd olunub.

Nazir, həmçinin ötən ilin 27 sentyabr tarixindən etibarən 6 həftədən artıq davam etmiş Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 10 şagirdin həlak olduğunu, 16 şagirdin yaralandığını, 54 təhsil müəssisəsinin isə müxtəlif dərəcəli dağıntılara məruz qaldığını qonaqların diqqətinə çatdırıb. Təhsil naziri dəymiş zərərin aradan qaldırılması istiqamətində müvafiq addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində Salim bin Məhəmməd əl-Malikin işğaldan azad olunmuş ərazilərə səfər etməsi nəzərdə tutulur.