“Fəxri adların verilməsi ilə bağlı dediyim fikirlər düzgün anlaşılmayıb. Söhbət gələcəkdə fəxri adların verilməsində sui-istifadə hallarının qarşısının alınmasından gedir”.
YeniAvropa xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, naziri vəzifəsini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məqsədlə gələcəkdə hüquqi tənzimləyici mexanizmin yaradılması təklif edilib:
“Bu mexanizmə əsasən, orada aşkar meyarlar tətbiq olunacaq. Bu meyarlar vasitəsilə fəxri adlar üçün təqdim olunan namizədləri müstəqil komissiya nəzərdən keçirəcək.
Hesab edirik ki, qərarın gizli şəkildə qəbul edilməsi məqsədəuyğun olar. Bu, hələ bizim təklifimizdir. Bununla da gələcəkdə bu prosesdə hər hansı sui-istifadə halının qarşısını ala biləcəyik”.
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin ötən gün keçirilən iclasında mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov çıxışında deyib ki, “fəxri adların verilməsində bəzi şəxslərin sui-istifadə halları olub”.
O bildirib ki, bu sahədə yeniliklər olacaq: “Çünki fəxri adların verilməməsinə görə, bəzi şəxslərin Mədəniyyət Nazirliyinə, hətta dövlətə inamı azalıb. Bu sahədə dəqiq və əvvəlcədən müəyyən edilmiş bir neçə meyar, bu prosesdə qərarverici gizli qurum olacaq. Qərarın gizli olması təklif edilir. Çünki belə olan halda sui-istiufadənin qarşısı alınacaq. Fəxri adlar alan insanlar xalq qarşısında öhdəliklər götürməlidirlər. Sovet vaxtında fəxri ad alan şəxslər dövləti tərifləyirdilər. Ancaq biz istərdik onlar xalq qarşısında öhdəlik götürsünlər. Cəmiyyəti həmrəyliyə səsləsinlər”.