Azərbaycanın Gürcüstandakı səfirliyi sentyabrın 14-də daha 350 nəfərə yaxın vətəndaşımızın ölkəmizə təxliyəsini həyata keçirib.
YeniAvropa xəbər verir ki, bu barədəsəfirliyin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, onların 100-ə yaxını Azərbaycan vətəndaşı, qalanları isə Gürcüstan, Rusiya, Qazaxıstan, Türkiyə və Ukrayna vətəndaşları olan soydaşlarımız və ölkəmizdə müvəqqəti yaşamaq hüququ olan şəxslərdir.
Təxliyə olunacaq şəxslər sentyabrın 13-də Gürcüstandakı klinikaların birində koronavirusla bağlı test veriblər.
Test cavabı neqativ çıxan şəxslər səfirlikdən COVID-19 arayışı alıblar. Sənəd 48 saat ərzində qüvvədə olacaq.
Təxliyə olunan şəxslər səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.
Qeyd edək ki, pandemiya dövrü başlayandan bu günədək səfirlik 2 mindən çox azərbaycanlının Gürcüstandan təxliyəsini həyata keçirib.