Bakıda fala baxmaq adı ilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən ər-arvadın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
YeniAvropa xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Novruz Kərimovun icraatına verilib.
Qeyd edək ki, 1989-cu il təvəllüdlü Ceyhun Şahin oğlu Zeynallı və onun həyat yoldaşı İsmiyeva Şəfəq Müslüm qızı barəsində vətəndaş Rəna Ağarzayevanın şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.
İttihama görə, İsmiyeva Şəfəq Müslüm qızı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Zeynallı Ceyhun Şahin oğlu ilə cinayət əlaqəsinə girib və 2017-ci ilin əvvəllərində “Instagram” sosial şəbəkəsində “baxıcı” adlı səhifə açıb.
O, özünü “Maya”, əri Ceyhun Zeynallını isə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcı kimi təqdim edib. Kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.
Şəfəq İsmiyeva ona müraciət edən R.Ağarzayevanın qız övladının öləcəyi və bəxtinin bağlanması ilə bağlı cadu edildiyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan “Dmitri” adlı baxıcının da köməyindən istifadə olunacağını bildirib.
Ona yalan vəd verməklə aldadaraq 2017-ci ilin ortalarından 2020-ci ilin əvvəllərinə kimi külli miqdarda pulunu ələ keçirib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Bu maddə 500 min manatdan yuxarı olan məbləğləri nəzərdə tutur.
Mətbuatda yayılan məlumatlara görə, təqsirləndirilən şəxslər zərərçəkmiş R.Ağarzayevanı qızını ərə verəcəkləri vədi ilə aldadaraq onun 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçiriblər.