logo

Paytaxtda 29 ağacı kəsən tikinti şirkəti  14 min 880 manat cərimələndi

12:59 11-09-2020 | icon 2065
Paytaxtda 29 ağacı kəsən tikinti şirkəti  14 min 880 manat cərimələndi

Paytaxtın Xətai rayonu ərazisində yerləşən, “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus torpaq sahəsində ağac və kolların məhv edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) daxil olmuş material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. 

Aparılmış araşdırmalarla “Real-Park” MMC tərəfindən yaşayış binasının tikintisi məqsədilə ərazidə təmizlik işləri aparılarkən 29 ədəd ağac və kolun məhv edilməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən olunub.

Bundan başqa, 2020-ci il 25 avqust tarixli aktdan, 2020-ci il 3 sentyabr tarixli baxış protokolundan və ETSN-in tabeliyində olan “Geodeziya və Kartoqrafiya” MMC-dən əldə edilmiş 2019-cu və əvvəlki illərə aid peyk görüntülərindən ərazinin mərkəz hissəsində də yaşıllıqların məhv edilməsi və həmin yerin tikinti altına düşməsi aşkarlansa da, ETSN-in tabeliyində olan Dövlət Ekspertiza İdarəsi tərəfindən verilmiş rəyə ərazinin bir hissəsində məhəllədaxili yaşıllıqların mövcud olması, nəzərdə tutulmuş tikinti işlərinin ərazinin yaşıllıqlardan azad hissəsində həyata keçiriləcəyi barədə bilə-bilə yalan məlumatların daxil edilməsinə şübhələr üçün əsaslar müəyyənləşdirilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə), 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Xətai Rayon Prokurorluğuna tapşırılıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyənləşdirilərək ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.