logo

Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açılıb

10:57 02-09-2020 | icon 2478
Bakı şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açılıb

Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 117 saylı mənzil-kommunal istismar sahəsinin rəisi vəzifəsində işləmiş Mansurov İsmayıl Gündüz oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında aparılmış araşdırma zamanı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,aparılmış istintaqla İsmayıl Mansurovun həmin vəzifədə işləyərkən vətəndaşa Bakının Nizami rayonu Azər Manafov küçəsində yerləşən yaşayış evinin tikintisi üçün guya həmin rayonun icra hakimiyyəti aparatında yüksək vəzifədə işləyən şəxslərlə yaxın əlaqələrindən istifadə edərək tələb olunan qanuni sənədlərin verilməsində kömək göstərilməsini vəd etməsinə, bununla da 2019-cu ilin sentyabr-oktyabr aylarında vətəndaşdan ümumilikdə 10 min 370 manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında İsmayıl Mansurov avqustun 21-də Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İstintaq zamanı zərərçəkmiş şəxsə dələduzluq əməli üzrə vurulmuş ziyanın ödənilməsi tam təmin edilib. İbtidai istintaq tamamlanaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.