logo

İstintaqdan yayınan “Aqrolizinq”in regional diroktoru həbs edildi

10:11 01-09-2020 | icon 2387
İstintaqdan yayınan “Aqrolizinq”in regional diroktoru həbs edildi

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Məmmədov Zaur Vaqif oğlunun qanunsuz hərəkətləri barədə həmin ASC-dən daxil olmuş müraciət üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, aparılmış istintaqla Zaur Məmmədovun 2018-ci il noyabrın 8-dən 2019-cu il dekabrın 11-dək olan müddətdə direktoru olduğu nümayəndəliyin Ağcabədi rayon ərazisində yerləşən anbarına qeyd edilən cəmiyyət tərəfindən satış üçün yığılmış mineral gübrə və pestisidləri həmin anbardan hər hansı sənədləşmə aparmadan 2019-cu il ərzində öz qulluq mövqeyindən istifadə edərək satmasına, bununla da ona etibar olunmuş cəmi 469 min 276 manat məbləğində əmlakı ASC-yə külli miqdarda ziyan vuraraq vahid niyyətlə mənimsəməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

2020-ci il avqustun 24-də Zaur Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, lakin istintaqın çağırışlarına üzrlü səbəb olmadan gəlməməklə istintaqdan yayındığından barəsində axtarış elan edilib.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Məmmədov 2020-ci il avqustun 31-də tutularaq istintaqa təqdim olunub, ona həmin maddə ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə əhəmiyyət kəsb edən halların aşkarlanması məqsədilə intensiv əməliyyat-istintaq tədbirləri davam etdirilir.