Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.
YeniAvropa xəbər verir ki, Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.
Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı müraciətində bildirilir ki, koronovirus pandemiyası ilə əlaqədar Operativ Qərargahın qərarına əsasən, Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Qeyd edək ki, Azərbaycanda Məhərrəm ayı avqustun 21-də başlayıb və sentyabrın 19-da başa çatır. Məhərrrəm ayından sonra isə Müsəlman təqvimi ilə Səfər ayı başlayacaq. Sentyabrın 19-dan başlayacaq Səfər ayı oktyabrın 17-də başa çatacaq. Adətən Azərbaycanda toy mərasimlərinə Məhərrəm və Səfər ayları bitəndən sonra start verilirdi. Bu il pandemiya ilə əlaqədar olaraq toyların keçirilməsinə nə vaxt icazə veriləcəyi hələlik məlum deyil.