logo

Şəmkirdə Aşura mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

10:10 30-08-2020 | icon 2891
Şəmkirdə Aşura mərasimi keçirmək istəyən şəxslər saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə gücləndirilmiş iş rejimində xidmət apararaq sakinlər arasında profilaktiki tədbirlər həyata keçirib. Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən karantin rejimi dövründə bütün kütləvi tədbirlərin, o cümlədən dini ayinlərin keçirilməsinin, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan edilməsi, məscidlərin fəaliyyətinin dayandırılması barədə maarifləndirici söhbətlər aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, polis əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq, rayonun Aşağı Seyfəli kəndindəki Şəhidlər xiyabanında bir qrup şəxsin toplaşaraq Aşura mərasiminin keçirilməsinə cəhd etdiyini aşkarlayıb. Polis əməkdaşları mərasimi dərhal dayandırıb, 15 nəfər kənd sakini saxlanılaraq rayon polis şöbəsinə gətirilib. İzahedici söhbətlər aparıldıqdan sonra saxlanılan şəxslərdən 12 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib, digər 3 nəfər barəsində toplanan material isə baxılması üçün rayon məhkəməsinə göndərilib.