logo

Ballıqaya qətliamından 28 il ötür

10:09 28-08-2020 | icon 2233
Ballıqaya qətliamından 28 il ötür

Ermənistan hərbi birləşmələri tərəfindən dinc azərbaycanlılara qarşı törədilən Ballıqaya qətliamından 28 il keçir.

YeniAvropa xəbər verir ki,  1992-ci il avqustun 27-dən 28-nə keçən gecə erməni quldurları Laçın rayonundan məcburi köçkün düşən və Goranboy rayonunun Ballıqaya kəndində müvəqqəti məskunlaşmış 24 nəfər azərbaycanlı mülki şəxsi amansızlıqla qətlə yetirib, 9 nəfəri yaralayıblar. Qətlə yetirilənlərin arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyitləri yandırılıb. Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub. Doqquz nəfər isə ağır yaralanıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri idi.

Ballıqayada qətlə yetirilmiş şəxslərdən bəziləri Bərdə rayonunun Qaradəmirçi, Alpout, Tumaslı və Nazırlı kəndlərində dəfn edilib. Faciə zamanı ailə üzvlərini və yaxın qohumlarını itirən Yunis Mehdiyev də hər il Nazırlı kəndindəki qəbiristanlığa gələrək onları yad edir. “1992-ci ildə Laçın rayonu işğal edilən zaman doğma yurdumuzdan köçkün düşdük. Əvvəlcə Kəlbəcərdən keçib Toğanada məskunlaşdıq. Sonra isə Goranboyun Ballıqaya ərazisinə gəldik. Ballıqayada qaldığımız üçüncü gecə səhər saat 5 radələrində ermənilər gəlib camaatı qanına qəltan elədilər. Qətliam zamanı anam, bacım, qardaşım, onun yoldaşı, əmim, əmimin yoldaşı, iki oğlu və qızı, bibim, bibimin iki qızı və qayınanası, əmim nəvələri vəhşicəsinə qətlə yetirildi. Çox ağır faciə idi - bir nəsildən 24 nəfər öldürüldü”.

Ballıqaya faciəsi Ermənistan silahlı qüvvələrinin bundan əvvəl Xocavəndin Qaradağlı kəndində, Xocalıda, Kəlbəcərin Ağdaban kəndində Qarabağın azərbaycanlı əhalisini kompakt şəkildə məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Bu qətliam zamanı beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulub. Bütün beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə zidd olaraq mülki insanlar - azyaşlı uşaqlar, qadınlar və qocalar qətlə yetirilib. Ballıqaya qətliamı ilə bağlı materiallar, maddi sübutlar və faktlar Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Memorial Soyqırımı Muzeyində saxlanılır.