logo

Əfqanıstanda zəlzələ nəticəsində 255 nəfər həlak olub

11:33 22-06-2022 | icon 1106
Əfqanıstanda zəlzələ nəticəsində 255 nəfər həlak olub

Əfqanıstanın cənub-şərqində, Pakistanla sərhəddə yerləşən Paktika əyalətində ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində 255 nəfər həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə "Aamaj News" agentliyi yerli hakimiyyət orqanlarına və xilasedicilərə istinadla məlumat yayıb.

İlkin məlumata görə, təbii fəlakət nəticəsində 100-dən çox insan yaralanıb. Əyalətin Barmal, Ziruk, Nika və Qayan qəzaları daha çox zərər çəkib. Bir neçə ev tamamilə dağılıb. Hazırda fəlakət zonasında axtarış-xilasetmə əməliyyatları davam edir. Bölgəyə paytaxt Kabildən helikopterlərlə dəstək göstərilir.

Zəlzələ Paktika ilə yanaşı, Host, Lahman, Qəzni, Lohar, Kabil və başqa əyalətlərə də təsir göstərib. Taliban hərəkatının Daxili İşlər Nazirliyi zəlzələdən zərər çəkən insanlara yardım göstərilməsi üçün beynəlxalq təşkilatlara müraciət edib.

ABŞ Geoloji Tədqiqatlar Mərkəzi (USGS) əvvəlcə zəlzələnin gücünün 6,1 bal olduğunu bildirmiş, sonradan isə 5,9 bal olaraq yeniləmişdi.