logo

"Zəfər" abidə kompleksinə görə  "Qaqarin" körpüsü də söküləcək?

12:22 08-01-2022 | icon 2597
"Zəfər" abidə kompleksinə görə  "Qaqarin" körpüsü də söküləcək?

Paytaxtın Xətai rayonunda inşa olunacaq "Zəfər" abidə kompleksi ilə bağlı ərazinin ümumi görünüşünə xələl gətirən bina və ictimai iaşə obyetklərinin söküntü işlərinə başlanılıb. 

YeniAvropa xəbər verir ki, bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildirilib. 

Qeyd edilib ki, söküntü işləri dövlət sifarişi əsasında həyata keçirilir. Bu məqsədlə  komissiya yaradılıb və kompensasiyanın məbləği müəyyənləşdirilib.

Görüləcək işlər çərçivəsində artıq  el arasında “Qaqarin" körpüsü kimi tanınan "Cavanşir" körpüsünün yaxınlığında - Afiyəddin Cəlilov küçəsi 6 ünvanda yerləşən və 34 ailənin yaşadığı onmərtəbəli yaşayış binası tezliklə söküləcək. Bununla bağlı sakinlərə artıq xəbərdarlıq edilib. Sakinlər üçün mənzillərin kvadratmetri 2 min 200 manatdan, binanın birinci və ikinci mərtəbələrində yerləşən qeyri-yaşayış sahələri isə 2 min 500 manatdan hesablanacaq. 

Binanın yanındakı “Qədim Qəbələ” restoranı isə artıq sökülüb, restoranla binanı ayıran hasarın bir hissəsi, o cümlədən binanın həyətindəki yardımçı tikili də uçurdulub.

 

Sakinlərin sözlərinə görə, rəsmilərin onlara bildiriblər ki, yaşayış binasının ardınca "Cavanşir" körpüsünün də söküləcəyi planlaşdırılır. Məqsəd paytaxtın əsas magistrallarından olan Y.Səfərov və A.Cəlilov küçələrində yolu genişləndirməklə tıxacların qarşısı almaqdır.