logo

Azərbaycanda ilk dəfə nar sərgi-satış yarmarkası keçirilib

15:06 06-10-2021 | icon 1505
Azərbaycanda ilk dəfə nar sərgi-satış yarmarkası keçirilib

Oktyabrın 6-da Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda nar sərgi-satış yarmarkası keçirilib.

YeniAvropa xəbər verir ki, yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına kömək etməkdir.

Yarmarkanın açılış mərasimində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları ilə yanaşı  Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası,  ABŞ Beynəlxalq İnkişaf Agentliyinin(USAID) nümayəndələri, eləcə də, Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər.

Nar sərgi-satış yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksək keyfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci yer, sabirabadlı fermer Polad Qasımov isə 3-cü yerə layiq görülüblər. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.

Yarmarka çərçivəsində fermerlərə narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı seminar keçirilib. Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Nar sərgi-satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.