logo

Ermənistanla sərhəddə daha bir  hərbi hissə fəaliyyətə başlayıb

11:13 07-04-2021 | icon 1708
Ermənistanla sərhəddə daha bir  hərbi hissə fəaliyyətə başlayıb

Vətən müharibəsində düşmən üzərində tarixi Qələbənin əldə olunmasından sonra sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə bu ərazilərdə qısa müddətdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması prosesi intensiv surətdə aparılmaqdadır.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliyyətinə başlayıb.

Bu münasibətlə təşkil olunmuş mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda Vətən müharibəsində düşmən üzərində tarixi qələbənin qazanılmasında şərəflə iştirak edən və hazırda işğaldan azad olunmuş dövlət sərhədlərində xidmət aparan hər bir sərhədçi zabitin, gizirin, çavuşun və əsgərin hərbi vətənpərvərlik ruhunun yüksək olduğu, Vətən sərhədlərinin keşiyində qürurla xidmət etdikləri bildirilib, Azərbaycan prezidenti, Silahlı Qüvvələrin  Ali Baş Komandanı İlham Əliyevin dövlət sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün sərhədçilərin bundan sonra da səy və bacarıqlarını əsirgəməyəcəkləri vurğulanıb. Tədbirin sonunda hərbi orkestrin müşayiəti ilə şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib və xidməti fəaliyyətində yüksək nəticələr göstərmiş hərbi qulluqçular təltif olunublar.

Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şərait, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları, kazarma və yeməkxana, təlim sinifləri, hamam-camaşırxana kompleksi, anbar, silah və texniki vasitələr, avtomobil texnikası ilə tanış olublar. Kompleks daimi su, elektrik enerjisi və digər zəruri avadanlıqlarla təmin edilib.

Geniş imkanlara malik təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minaatan qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə, DSX-nin şəxsi heyətinin mövcud silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

Təlim mərkəzinin poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.