logo

Emomali Rahmon İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib

17:10 29-03-2021 | icon 1449
Emomali Rahmon İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib

Martın 29-da Tacikistan prezidenti Emomali Rahmon bu ölkədə səfərdə olan  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Görüşdə Azərbaycan və Tacikistan arasında mövcud olan ikitərəfli münasibətlərin hərtərəfli inkişafına dair məsələlər müzakirə olunub.

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkənin son illər ərzində keçdiyi inkişaf yolunu xüsusi olaraq vurğulayıb. O, Azərbaycan prezidenti İlham Əliyevi Tacikistana rəsmi səfərə dəvət edib.

Prezident Emomali Rahmon Azərbaycanın COVID-19 ilə mübarizədə Tacikistana göstərdiyi yardımı yüksək qiymətləndirərək, pandemiya müddətində Azərbaycanın Tacikistan mallarının tranzit daşımaları üçün xüsusi şərait yaratdığını qeyd edib və bununla əlaqədar Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Nazir Ceyhun Bayramov qəbula görə Tacikistan prezidentinə təşəkkürünü ifadə edib və Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb. Nazir bölgədə olan cari vəziyyət, o cümlədən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən törədilmiş dağıntılar, Azərbaycanın tarixi və mədəni irsinə vurulmuş ziyan, habelə bu ərazilərin yenidən qurulması və bərpası istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verib.