logo

Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

20:14 15-10-2020 | icon 1505
Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə edib

Oktyabrın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu haqda  Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı nazir Ceyhun Bayramov bölgədəki son vəziyyət ilə bağlı iranlı həmkarını məlumatlandırıb. O qeyd edib ki, Moskva görüşündə əldə edilmiş humanitar atəşkəs razılığına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə atəşə tutulması davam etdirilir. Nazir vurğulayıb ki, Gəncəyə edilmiş raket hücumları da daxil olmaqla, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü hücumlar dinc əhali arasında ciddi itkilərə səbəb olub. Nazir, bu gün səhər Azərbaycanın Tərtər bölgəsinin yenidən Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulduğunu və artilleriya atəşi nəticəsində 3 mülki şəxsin həyatını itirdiyini və 5 nəfərin ağır yaralandığını qeyd edib.

C.Bayramov, Ermənistanın siyasi-hərbi rəhbərliyinin bu müharibə cinayətlərinə görə tam məsuliyyət daşıdığını vurğuladyıb.

Nazir Məhəmməd Cavad Zərif bölgədə gərginliyin artması və mülki insan tələfatı ilə bağlı ciddi narahatlığını ifadə edib. O, qonşu dövlət İranın bölgədə sülh və sabitliyin təmin olunmasında maraqlı olduğunu və münaqişənin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.