logo

Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri görülür

09:56 10-10-2020 | icon 287
Paytaxt küçələrində növbəti dəfə dezinfeksiya işləri görülür

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti(BŞİH) tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

 YeniAvropa xəbər verir ki, bu barədə BŞİH-dən bildirlib. Qeyd edilib ki, son günlərdə koronavirusa yoluxanlarının sayında artımın olması nəzərə alınaraq, oktyabrın 10-da səhər saatlarından etibarən BŞİH-in strukturları tərəfindən paytaxt üzrə lokal ərazilərdəki əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti - on dördüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. İş həcminin çoxluğu nəzərə alınaraq dezinfeksiya tədbirlərinin iki gün ərzində keçirilməsi qərara alınıb.

Şənbə və bazar günləri paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, Bakı sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, qış aylarında yağıntılar yağan zamanı dezinfeksiya işləri lokal xarakterli olacaq.

Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.