logo

Ötən il muxtar respublikada 1133 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb

12:40 12-01-2020 | icon 210
Ötən il muxtar respublikada 1133 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb

Muxtar respublika üzrə təbii qaz istehlakçılarının 2020-ci il 1 yanvar tarixinə ümumi sayı 90 min 16 olub. Bunun 87 min 352-si əhali, 2664-ü qeyri-əhali abonentidir. Muxtar respublikanın şəhər və rayon ərazilərindən ötən il daxil olan müraciətlərə əsasən 1133 mənzil və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb.

YeniAvropa xəbər verir ki,bu barədə Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində keçirilən iclasda ətraflı danışılıb.

İclasda xidmətin rəisi Ramin İsmayılov çıxış edərək bildirib ki, ötən il də qaz təsərrüfatında istismara yararsız vəziyyətə düşən qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsi diqqət mərkəzində saxlanılıb. Təbii qazdan qanunsuz istifadə hallarına yol verməmək üçün nəzarət gücləndirilib, istehlak olunan qazın dəyərinin tam həcmdə toplanılması təmin edilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə verilən tapşırıqlar tədbirlər planı üzrə yerinə yetirilib.

“Xidmət 2019-cu il oktyabrın 20-dək qaz təchizatı sistemində texniki baxışı yekunlaşdırmaq istiqaməti üzrə mövcud nasazlıqların aradan qaldırılması üçün tədbirlər görüb, təbii qazın şaxtalı hava şəraitində nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırıb. Qaz sayğaclarına müdaxilənin qarşısını almaq məqsədilə yerlərdə abonent qutularının quraşdırılması, Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkart tipli sayğaclar ilə əvəz olunması istiqamətində işlər davam etdirilib, 2020-ci il 1 yanvar tarixinə 19 min 981 qaz sayğacı quraşdırılıb”, – deyən Ramin İsmayılov diqqətə çatdırıb ki, muxtar respublikanın yaşayış məntəqələrində intensiv olaraq reydlər keçirilib, aşkarlanmış nöqsanlara və sayğaca müdaxiləyə görə, ümumilikdə, 18 abonentə 2240 manat cərimə tətbiq edilib.