Azərbaycan karateçisi Rafael Ağayev Parisdə Karate1 Premyer Liqa turnirinin finalına yüksəlib. YeniAvropa xəbər verir ki, ikinci görüşündə çənəsindən zədələnən R.Ağayev (75 kq) sonrakı iki qarşılaşmasında də qalib gəlib. Final qarşılaşmasını karateçimiz turnirin favoritlərindən sayılan Ken Nişimura (Yaponiya) ilə keçirəcək.
Daha üç idmançımız, Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq) və Nuranə Əliyeva (50 kq) təsəlliverici görüşlərə qatılsa da, medal qazanmaq şansının əldən veriblər.
Bu gün daha 10 idmançımız mübarizəyə qatılacaq. Turnirin qalibləri yanvarın 27-də məlum olacaq.
Dünya Karate Federasiyasının (WKF) mötəbər Karate1 Premyer Liqa seriyasından ilin ilk turnirində 82 ölkədən 776 idmançı iştirak edir. Karateçilər hər qələbəyə və medallara görə, dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, “Tokio 2020” və ikinci Avropa Oyunlarına vəsiqə almaq uğrunda reytinq xalları da qazanmağa çalışacaqlar.