Yanvarın 5-də kişilərdən ibarət komandalar arasında voleybol üzrə Avropa çempionatında seçim turniri başlıyır. Turnirdə Azərbaycan yığması da iştirak edəcək.
YeniAvropa xəbər verir ki, “G” yarımqrupunda ikinci yeri tutan komandamız qrup mərhələsinin 5-ci turunda Lüksemburq yığmasını qəbul edəcək.
Görüş yerli vaxtla saat 18:00-da “Dərnəgül” Voleybol Mərkəzində başlanacaq.
Hazırda “G” yarımqrupunda aktivində 5 xal olan Yunanıstan yığması 11 xalla liderlik edir. Azərbaycan komandası bu yarımqrupda ikinci, İsveç komandası üçüncü, Lüksemburq komandası isə sonuncu yeri tutur.
Qeyd edək ki, kişilərdən ibarət komandalar arasında voleybol üzrə 31-ci Avropa çempionatının seçim turniri 2018-ci il avqustun 15-də başlanıb və 2019-cu il yanvarın 9-da başa çatacaq. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupa bölünüb. Avro-2019-un final mərhələsinə 12 komanda vəsiqə alacaq: qrup turnirlərinin qalibləri olan 7 komanda və öz qruplarında daha yaxşı göstəricilərə görə ikinci yerləri tutan 5 komanda.
Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş 8 komanda – Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə yığmaları seçim turnirində iştirak etməkdən azad olunublar.