logo

Avropa Liqasının finalında könüllü olmaq istəyən 1300-ə yaxın gənc qeydiyyatdan keçib

20:34 26-12-2018 | icon 3654
Avropa Liqasının finalında könüllü olmaq istəyən 1300-ə yaxın gənc qeydiyyatdan keçib

UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar dekabrın 13-dən start götürən könüllülərin cəlb olunması prosesi davam edir. Bu günədək 1300-ə yaxın gənc qeydiyyatdan keçib.

YeniAvropa xəbər verir  ki,  final oyunu ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri 11 universitetdə tələbələr, tələbə gənclər təşkilatlarının və digər qurumların üzvləri üçün Könüllülük Proqramının təqdimatını keçiriblər. Bu il üçün nəzərdə tutulmuş sonuncu təqdimat Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil olunub. Üç mindən çox tələbənin qatıldığı bu təqdimatlarda Avropa Liqası ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər barədə təqdimat nümayiş olunub. Eyni zamanda, proqramın əhəmiyyətindən, perspektivlərindən danışılıb.

Proqrama dəstək məqsədilə veteran futbolçumuz, UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının səfiri Vəli Qasımov, milli komandanın və “Qarabağ”ın futbolçusu Mahir Mədətov, yığmanın üzvü və “Qəbələ”nin futbolçusu Təmkin Xəlilzadə təqdimatlarda iştirak ediblər.

Könüllülük Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır. Proqram çərçivəsində təşkilati məsələlər ilə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının və xüsusi ustad dərslərinin keçirilməsi planlaşdırılır.

Bu proqrama qoşularaq şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar əldə etmək və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs www.finalbaku2019.az/volunteers linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər kəs 2019-cu ilin fevralında müsahibəyə dəvət ediləcək.

Seçim mərhələsini uğurla keçmiş könüllülər bir sıra təlimlərdən faydalanaraq nəzəri biliklər qazanacaq və tədbir zamanı həmin bilikləri praktiki işdə tətbiq etmə imkanı qazanaraq uğurlu gələcək üçün dəyərli təcrübəyə sahib olacaqlar.

AFFA-nın könüllülər komandasına qoşulmaq və final həyəcanının bir hissəsi olmaq üçün ərizə qəbulu ilə bağlı son tarix yanvarın 31-dir.