logo

Bu gün UEFA ÇL-nın qrup mərhələsinə yekun vurulacaq

11:45 12-12-2018 | icon 3094
Bu gün UEFA ÇL-nın qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 12-də UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün qrup mərhələsinə yekun vurulacaq.

YeniAvropa xəbər verir  ki, 12 xalla G qrupuna liderlik edən “Real Madrid” qrupda sonuncu pillədə qərarlaşan “CSKA”nı (Rusiya) qəbul edəcək. Doqquz xalla ikinci sırada qərarlaşan “Roma” isə səfərdə qrupun üçüncüsü “Viktoriya Plzen” komandasının qonağı olacaq. “Real Madrid” və “Roma” pley-off mərhələsinə vəsiqəni təmin etdiklərindən bu tur UEFA Avropa Liqasına vəsiqəyə sahib olmaq üçün “Viktoriya Plzen” və “ÇSKA” üçün vacib əhəmiyyət daşıyır. Hər iki komandanın 4 xalı var.

E qrupunda yel alan “Ayaks” (Hollandiya) doğma meydanda “Bavariya” ilə görüşəcək. Komandalar pley-off mərhələsinə vəsiqələri artıq təmin ediblər. Qrupun lideri bu oyunun nəticəsində müəyyənləşəcək. “Bavariya”nın 13, “Ayaks”ın isə 11 xalı var. Dörd xalla qrupda üçüncü sırada qərarlaşan “Benfika” xal qazana bilməyən “AEK Larnaka” ilə üz-üzə gələcək.

On üç xalla F qrupuna liderlik edən “Mançester Siti” doğma meydanda qrupun autsayderi, aktivində üç xal olan “Hoffenhaym” (Almaniya) klubunu qəbul edəcək. Qrupun digər oyununda qrupda ikinci yer uğrunda gərgin idman mübarizəsi gözlənilir. Donetskin “Şaxtyor” komandası Ukraynada Fransanın “Lion” kollektivini qəbul edəcək. “Şaxtyor” qələbə qazanacağı təqdirdə pley-offa yüksələcək. Fransızlara bu oyunda heç-heçə də kifayət edir. Fransa təmsilçisinin aktivində 7, “Şaxtyor”un isə 5 xalı var.

H qrupunda yer alan “Yuventus” səfərdə İsveçrənin “Yanq Boyz” komandasının qonağı olacaq. Qrupun digər oyununda isə “Valensiya” öz meydanında “Mançester Yunayted”i qəbul edəcək. Beş turdan sonra turnir cədvəlinə 12 xalı olan “Yuventus” başçılıq edir. Aktivində 10 xal olan “Mançester Yunayted” ikinci, “Valensiya” 5 xalla üçüncü yerdədir. “Yanq Boyz” isə 1 xalla sonuncu yerdə qərarlaşıb.