logo

Premyer Liqada 14-cu tura start verilib

16:22 09-12-2018 | icon 3045
Premyer Liqada 14-cu tura start verilib

Bu gün  saat 16:00-da "Sabah"-"Keşlə" oyunu ilə Azərbaycan Premyer Liqasının 14-cu turunun oyunlarına start verilib.

YeniAvropa xəbər verir  ki, "Əlincə Arena"da keçiriləcək görüş keçmiş FIFA referisi Orxan Məmmədova həvalə olunub. Hazırda "Sabah" 17 xalla 4-cü, "Keşlə" 9 xalla sonuncu pillədə qərarlaşıb.

Digər görüş "Dalğa Arena"da "Zirə" və "Qarabağ" arasında təşkil olunacaq. Saat 17:00-da  başlayacaq matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Samir Abasovun baş məşqçi olduğu komanda ötən tur səfərdə "Qəbələ" ilə qolsuz heç-heçə edərək, sonuncu pillədən qurtulub. Hazırda qəsəbə təmsilçisi 10 xalla 7-ci pillədə qərarlaşıb. Ağdam klubu isə son turlar qeyri-sabit çıxışına ötən tur "Keşlə"ni 5:1 hesabı ilə darmadağın etməklə son qoyub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv hazırda 27 xalla 2-ci pillədə yer alıb.

Daha bir matçda "Səbail" "Qəbələ"ni sınağa çəkəcək. Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv hazırda 20 xalla 3-cü pillədə qərarlaşsa da, son 2 oyununda məğlubiyyətlə üzləşib. İkinci dövrədə nəticələrini nisbətən yaxınlaşdıran "Qəbələ" isə 16 xalla 5-cidir. Sənan Qurbanovun rəhbərlik etdiyi komanda qələbə qazanacağı təqdirdə 4-cü pilləyə yüksələ bilər. "Bayıl Arena"da keçiriləcək görüşü İnqilab Məmmədov idarə edəcək.

Nəhayət, turun son oyununda lider "Neftçi" "Sumqayıt"la qarşılaşacaq. "Bakcell Arena"da təşkil olunacaq görüşü Rəvan Həmzəzadə idarə edəcək. Flaqman 13 turdan sonra 32 xalla liderdir və ən yaxın izləyicisini 5 xal geridə qoyur. Ötən tur doğma meydana qayıdışını "Səbail" üzərində 1:0 hesablı qələbə ilə qeyd edən "gənclik şəhəri" təmsilçisi isə 14 xalla 6-cıdır. Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv qələbə qazansa, hətta 4-cü pilləyə yüksələ bilər. İlk dövrədə "Sumqayıt" 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, ,  "Neftçi"-"Sumqayıt" oyunu isə 19:30-da başlayacaq.