Beynəlxalq Olimpiya Komitəsi (BOK) insan hüquqları üzrə xüsusi məsləhət komitəsi yaradır.
YeniAvropa xəbər verir ki, bunu təşkilatın İcraiyyə Komitəsinin iclasının yekunlarına dair mətbuat konfransında BOK prezidenti Tomas Bax bəyan edib.
“Bu gün biz insan hüquqları üzrə xüsusi məsləhət komitəsinin yaradılması barədə çox mühüm qərar qəbul etdik. Komitəyə əvvəllər BMT-nin insan hüquqları üzrə ali komissarı vəzifəsində çalışmış şahzadə Zeyd Raad əl-Hüseyn rəhbərlik edəcək”,-deyə Tomas Bax bildirib.
BOK prezidentinin sözlərinə görə, yeni komitənin tərkibinə idman və insan hüquqları üzrə 6-9 ekspert daxil olacaq. Yeni struktur bilavasitə BOK İcraiyyə Komitəsinə hesabat verəcək.
Bax, həmçinin bildirib ki, Tokioda keçirilən BOK İcraiyyə Komitəsinin iclasında insan hüquqları üzrə xüsusi məsləhət komitəsinin yaradılması kontekstində transgender idmançılarla bağlı məsələ də müzakirə olunub. “BOK və Olimpiya hərəkatı bu sahədə çox mürəkkəb problemləri həll etməlidir” deyən təşkilatın rəhbəri ümidvar olduğunu bildirib ki, məhz yeni yaradılan komitə onların həllinə yardımçı olacaq.
BOK prezidenti vurğulayıb ki, komitə məhz idman yarışları kontekstində insan hüquqlarının qorunmasına cavabdeh olacaq. “Məlumdur ki, bizim idman tədbirləri çərçivəsinin xaricində meydana çıxan problemlərin həlli üçün səlahiyyətimiz yoxdur. Bu problemlər çox vaxt siyasi xarakter daşıyır”, -deyə T.Bax məsələyə aydınlıq gətirib.